Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra edilən "Qayıdış Könüllüləri" Proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və
Böyük Qayıdış prosesinə töhfə verməkdir.
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində 10 noyabr 2022-ci ildən “Şuşa Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Müsahibə, müxtəlif mövzularda baza təlimləndirmə kursunu və imtahan mərhələsini uğurla başa vuran Şuşa könüllüləri aktiv fəaliyyətə başlayıblar. Həmçinin Şuşada uzunmüddətli fəaliyyətə cəlb olunan ilk könüllü qrupu üçün xüsusi olaraq “Şuşa Bələdçilik Məktəbi” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda peşəkar təlimlər keçirilib.
Proqram çərçivəsində ilk könüllü qrup Şuşada yerləşdirilib, şəhər ərazisi ilə və burada fəaliyyət göstərən müvafiq dövlət qurumları ilə tanış edilib. Şuşada fəaliyyətə başlayan könüllülər şəhər ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, yeni açılmış muzeylərdə bələdçilik xidmətinin göstərilməsinə, o cümlədən mütəmadi olaraq Şuşada keçiriləcək tədbirlərin təşkilində iştiraka, buraya səfər edən yerli və xarici qonaqlarla işə, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya dəstəyə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyin göstərilməsinə cəlb olunurlar.
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində 7 sentyabr 2022-ci ildən “Ağdam Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Müsahibə, müxtəlif mövzularda baza təlimləndirmə kursunu və imtahan mərhələsini uğurla başa vuran Ağdam könüllüləri bu günə qədər bir sıra fəaliyyətlərin birbaşa iştirakçısı və təşkilatçısı olmuşdur. Könüllülər fərdi inkişaf təlimlərində, komanda quruculuğu fəaliyyətlərində, Ağdam rayonunda keçirilən ağacəkmə aksiyalarında, “Milli Şəhərsalma Forumu”nda, Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbirində, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyasında və bu kimi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə keçirilən mötəbər tədbirlərin təşkilində fəal iştirak etmiş, ümumi koordinasiya işlərinə cəlb olunmuşlar.
Ağdam könüllüləri mütəmadi olaraq Ağdam şəhərinə, Qarabağ iqtisadi rayonu ərazisində bərpa olunan ilk kəndə - Ağdərə rayonunun Talış kəndinə və böyük turizm potensialı olan Suqovuşan qəsəbəsinə səfərlər etmiş, burada aparılan bərpa-quruculuq işləri və yaradılan şəraitlə tanış olmuşlar. Könüllülər tərəfindən Talış kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün bir sıra müxtəlif məzmunlu, maraqlı tədbirlər keçirilmişdir.
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində 5 dekabr 2022-ci ildən “Zəngilan Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Müsahibə, müxtəlif mövzularda baza təlimləndirmə kursunu və imtahan mərhələsini uğurla başa vuran Zəngilan könüllüləri bu günə qədər bir sıra fəaliyyətlərin birbaşa iştirakçısı və təşkilatçısı olmuşdur.
Könüllülər Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun, “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən 3-cü beynəlxalq minatəmizləmə konfransının və s. kimi yerli və beynəlxalq tədbirlərin təşkilatçılığında fəal iştirak ediblər.
Zəngilan könüllüləri mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa olunan ilk kəndə - Zəngilan rayonunun Ağalı kəndinə səfərlər etmiş, burada aparılan bərpa-quruculuq işləri və yaradılan şəraitlə tanış olmuşlar. Könüllülər tərəfindən Ağalı kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün bir sıra müxtəlif məzmunlu, maraqlı tədbirlər keçirilmişdir.
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində 14 mart 2024-ci ildən “Füzuli Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Müsahibə, müxtəlif mövzularda baza təlimləndirmə kursunu və imtahan mərhələsini uğurla başa vuran Füzuli könüllüləri ilk olaraq Füzuli şəhərinə səfər ediblər. Səfər zamanı könüllülər işğaldan azad olunmuş və yenidən qurulan, həyatın canlandığı Füzuli şəhəri ilə yaxından tanış olub, görülən işlər haqqında ətraflı məlumat əldə ediblər.
Füzuli könüllüləri mütəmadi olaraq işğaldan azad olunmuş Füzuli şəhərinə səfərlər edir, orada keçirilən tədbirlərin təşkilində könüllü dəstəyi göstərir, həmçinin şəhərdə məskunlaşan yeniyetmə və gənclər üçün icma əsaslı fəaliyyətlər, intellektual komanda oyunları və bu kimi bir sıra fəaliyyətlər həyata keçirirlər.
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində 28 iyun 2024-ci ildən “Laçın Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Müsahibə, müxtəlif mövzularda baza təlimləndirmə kursunu və imtahan mərhələsini uğurla başa vuran Laçın könüllüləri ilk olaraq Laçın şəhərinə ekskursiya ediblər.
Ekskursiya zamanı könüllülər işğaldan azad olunmuş, gündən – günə abadlaşan Laçın şəhərinin ərazisi ilə, buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, şəhərdə aparılan bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin, könüllülər şəhərdə fəaliyyət göstərən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində olublar. Bundan başqa, könüllülər Laçında “Şəhər Günü”nə həsr olunmuş bayram tədbirlərinin təşkilatçılığında fəal iştirak edib, könüllü dəstəyi göstəriblər.
Növbəti mərhələdə könüllülər Laçın rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.